§ 38. MART SOYQIRIMI
1918-ci ilin mart ayı idi. Bakı küçələrində narahatlıq hökm sürürdü. Küçələrdə, binaların qarşısında dəstə-dəstə toplaşmış adamlar şəhərdə yaranmış vəziyyəti müzakirə edirdilər. Hamı narahat və kədərli idi. Sanki baş verəcək dəhşətli hadisələri duymuşdular. Ağsaçlı, nurani bir kişi deyirdi:
— Şəhərdə vəziyyət qorxuludur. Çörəyimizi yeyib, suyumuzu içən, yaxşı günümüzdə bizə
dost deyib, pis günümüzdə bizə xəyanət edən ermənilər yenə fəallaşıblar. Şəhər hökumətinin — Bakı Sovetinin* başçısı da erməni Şaumyandır.Başqa birisi isə söhbətə qoşuldu və qayğılı-qayğılı əlavə etdi:
— Şaumyanın göstərişi ilə Bakı Soveti müsəlman əsgər və zabitlərini tərk-silah etməyə başlayıb. Bizimkilərin silahlarını əllərindən alırlar, erməniləri isə silahlandırırlar. Cəbhədən qayıdan rus əsgərləri burada saxlanılır. Şəhərdə silahlı daşnak dəstələrinin sayı günü-gündən artır. Ermənilər yalandan belə bir məlumat yayıblar ki, guya, biz müsəlmanlar ruslara qarşı vuruşmaq istəyirik. Vəziyyətimiz yaxşı olmayacaq. Deyəsən, bu əclaflar bizi qırmaq istəyir. Əgər öz hökumətimiz, milli dövlətimiz olmasa, bizi kimsə qorumayacaq.
Elə bu vaxt uzaqdan atəş səsi eşidildi. Sanki bu bir işarə idi. Bütün şəhəri atəş səsləri bürüdü. Silahlı və çoxsaylı erməni daşnakları müsəlman məhəllələrinə hücuma başladılar. Bakı şəhəri dənizdəki gəmilərdən də atəşə tutuldu. Gəmilərdəki rus dənizçiləri ermənilərin yalanına — İçərişəhərdə müsəlmanların rusları qırmalarına inanmışdılar. Tezliklə bunun növbəti “erməni yalanı” olduğunu bildikdən sonra ruslar atəşi dayandırdılar.
Quduzlaşmış ermənilər isə qırğını davam etdirirdilər. Ermənilər “Müsəlmanları qırın, onların kökünü kəsin, heç birini sağ buraxmayın”, — deyə bağırır, heç kəsə rəhm etmirdilər. Evlərə girir, dinc, günahsız əhalini güllələyirdilər.
*Bakı Soveti — hakimiyyət orqanı