§ 3. QAYALAR ÜZƏRİNDƏ TARİX
Bakı şəhərinin yaxınlığında tarixi bir məkan var. Bu məkanın adı Qobustandır. Burada Qobustan Dövlət Tarix və Bədii Qoruğu yerləşir. Adından məlum olduğu kimi, bura tarix və incəsənət ocağıdır. Qobustan qoruğundakı muzey dünyanın ən yaxşı muzeylərindən biridir. Qoruqda qədim insanların çəkdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti ilə bağlı digər maddi mənbələr qorunur. Qobustan qoruğunda mühafizə edilən insan və heyvan təsvirləri, ov, döyüş və rəqs səhnələri ən qədim insanların həyatı haqqında maraqlı məlumat verir.
Buradakı müxtəlif heyvan təsvirləri, ov səhnələri qədim insanların hansı heyvanları necə ovladığını öyrənməyə imkan yaradır. Ovçular ova getməzdən öncə qaya üzərinə çəkilmiş heyvan təsvirlərini *ovsunlayır , sonra ova çıxırdılar.
*Ovsun — sehr, cadu