§ 41. İnqilab, yoxsa işğal?
1918—1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti Milli Hökuməti az ömür sürməsinə baxmayaraq, böyük işlər gördü. Qədim dövlətçilik ənənələrimiz bərpa olundu. «Azərbaycan» adı ərazi anlayışından yenidən müstəqil dövlət anlayışına çevrildi. Xalqımız müstəqillik adlı şirin meyvəni dada bildi. Şərqdə ilk dəfə və bəzi Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququ verildi. Ərazi bütövlüyümüz təmin edildi. Erməni-daşnak quldurları tərəfindən işğal edilmiş torpaqlarımız azad edildi.
Qısa bir vaxt ərzində dünyanın bir sıra ölkələri Azərbaycanın müstəqilliyini tanıdılar. Artıq imzalar içərisində xalqımızın da imzası var idi. Bayraqlar arasında bizim də bayrağımız dalğalanırdı. Xalqımız gələcəyə olan inam və ümidlə yaşayırdı.
Rusiyada çar hökumətini əvəz etmiş bolşevik-sovet hökuməti Azərbaycanın müstəqilliyi ilə barışmır, zəngin sərvətləri olan ölkəmizi, ilk növbədə, Bakı neftini itirmək istəmirdi. Bolşevik Rusiyası Azərbaycanı işğal etmək planı hazırladı. Ermənilər Sovet Rusiyasından Dağlıq Qarabağın onlara verilməsi vədini alaraq bu işğal planında önəmli rol oynadılar. Onlar 1920-ci ilin martında Qarabağda qiyam qaldırdılar. Azərbaycan ordusunun qüvvələri qiyamı yatırmaq üçün göndərildi, ona görə də ölkənin şimal sərhədləri müdafiəsiz qaldı. Bundan istifadə edən Sovet Rusiyasının 11-ci Ordusu 1920-ci il aprelin 27-də Azərbaycanın sərhəd1ərini pozub torpaqlarımıza daxil oldu. Sovet Rusiyasının rəhbərləri Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə hakimiyyəti təslim etmək tələbini verdilər. Azərbaycanın şimal sərhədində dünyanın hərb tarixində nadir olan döyüşlərdən biri baş verdi. Yalama stansiyasında 350 nəfərlik Azərbaycan əsgəri 70 minlik sovet ordusuna müqavimət göstərdi.