§ 43. 1937-ci il qurbanları
1982-ci il oktyabrın 26-sı idi. Bakının hava limanında həyəcan və qəribə sükut vardı. Buraya toplaşan hökumət nümayəndələri, elm xadimləri və şəhər sakinləri arasında bir ədəbiyyatçı dərin sükuta dalmışdı. O, gözlənilən qonağın qızı Turan Cavid idi. Hamı yerə yenicə enmiş təyyarəyə baxırdı. Bu təyyarə uzaq Sibirin İrkutsk vilayətindən Azərbaycanın böyük şairi Hüseyn Cavidin cənazəsinin qalıqlarını Vətənə gətirmişdi. 37-ci ilin qurbanlarından biri olan Hüseyn Cavid artıq xeyli əvvəl bəraət almışdı. Onun simasında minlərlə haqsız hökm qurbanları günahsız elan edilmişdi. İki gün əvvəl böyük şairin 100 yaşı tamam olmuşdu. Hava limanına toplaşanlar şairin cənazəsini həm kədərlə, həm də böyük qürurla qarşıladılar.
Vida mərasimi Şirvanşahlar sarayında keçirildi. Heydər Əliyev bu mərasimdə çıxış edərək Hüseyn Cavidlə yanaşı, bütün 37-ci il qurbanlarını yüksək qiymətləndirdi.