§ 44. Müsəlman Şərqində ilk operanı kim yazdı?
Səhnədə hamının böyük maraqla izlədiyi əsər oynanılırdı. Bu əsər Məhəmməd Füzulinin «Leyli və Məcnun» poeması əsasında səhnələşdirilmişdi. Lakin səhnədə oynanılan adi tamaşa deyildi. Burada aktyorlar klassik musiqi və muğam vasitəsilə sanki danışırdılar. Musiqinin sehrli diliylə səhnəyə qoyulmuş bu əsər opera idi. Tamaşaçılar ilk dəfə idi ki, operaya baxırdılar.
Peşəkar musiqi sənətimizin yaradılmasında və inkişafında, milli mədəniyyətimizin yüksəlişində xalqımızın böyük oğlu Üzeyir Hacıbəylinin misilsiz xidmətləri var.
Üzeyir Hacıbəyli Ağcabədidə anadan olmuşdur. O, hələ kiçik ikən valideynləri Şuşa şəhərinə köçmüşdü. Balaca Üzeyir ilk təhsilini Şuşada almışdı.
Gənc Üzeyirin gözəl, məlahətli səsi vardı. Şuşanın ən yaxşı xanəndələrinin onun səsindən xoşu gəlirdi. Onlar Üzeyiri həm oxudur, həm də öyrədirdilər. Çoxları elə bilirdi ki, Üzeyir də böyüyəndə xanəndə olacaq — özü də adlı-sanlı xanəndə.
Yay günlərindən biri idi. Şuşalılar teatra yığışmışdılar. Burada teatr səhnəciyi oynanılırdı. Səhnəcik “Məcnun Leylinin qəbri üstündə” adlanırdı. Xorda 12 yaşlı Üzeyir də oxuyurdu. Tamaşa hamıya güclü təsir göstərmişdi. Hamını dərindən kədərləndirmişdi. Üzeyir bəy sonralar yazırdı ki, bu səhnə mənə o qədər güclü təsir etdi ki, bir neçə ildən sonra Bakıya getmək və operaya bənzər bir şey yazmaq qərarına gəldim.