§ 45. İKİNCİ DÜNYA MÜHARİBƏSİ VƏ AZƏRBAYCAN
1939-cu ildə dünya tarixinin ən böyük müharibələrindən biri başlandı. Tarixdə bu, İkinci Dünya müharibəsi adlanır. Bu, əvvəlki bütün müharibələrdən daha qanlı və dəhşətli müharibə idi. Bu müharibədə dünyanın əksər dövlətləri iştirak etdiyi üçün dünya müharibəsi adlanır.
Başqa xalqlar kimi, bizim xalqımız da dünyanın gələcəyinə, insanlığa qarşı təhlükə olan faşizm əleyhinə mübarizə aparırdı. Bu mübarizə həm ön, həm də arxa cəbhədə aparılırdı. Xalqımızın 700 minə yaxın övladı ön cəbhədə vuruşmuşdur. 400 mindən artıq azərbaycanlı hərbi orden və medallarla təltif olunmuşdur. Arxa cəbhədə bütün işləri, əsasən, qadınlar, qocalar və yeniyetmələr görürdülər. Onlar cəbhəyə getmiş həyat yoldaşlarının, övladlarının və atalarının yerinə işləyirdilər.
Bakı sovet ordusunun ən mühüm arxa cəbhəsinə çevrilmişdi. Burada çoxlu silah, döyüş sursatı və mərmi istehsal edilib cəbhəyə göndərilirdi. Düşmən üzərində qələbəni təmin edən əsas amillərdən biri Bakı nefti idi. Əgər Bakı nefti olmasaydı, sovet təyyarələri, tankları və maşınları yanacaqsız qalardı. Ona görə də Bakını ələ keçirmək müharibədə qalib gəlmək demək idi. Bakının tutulması üçün faşistlər tərəfindən xüsusi hərbi plan hazırlanmışdı.
Cəbhəyə çoxlu təyyarə benzini lazım idi. Böyük kimyaçı Yusif Məmmədəliyevin rəhbərliyi ilə alimlərimiz onu almağın yeni üsullarını tapdılar. Təyyarə benzini istehsalı üçqat çoxaldı.
Azərbaycanlılardan ibarət xüsusi hərbi dəstələr — diviziyalar təşkil edilmişdi. Bu diviziyalar Sovet İttifaqının işğal olunmuş şəhər və kəndlərinin azad edilməsində fəal iştirak etmişdilər. Qafqazdan Berlinə qədər döyüş yolu keçmişdilər. 416-cı Azərbaycan diviziyası Berlinə daxil olan ilk qoşun hissələrindən biri idi. Ön cəbhədə Azərbaycan övladları qəhrəmanlıqla vuruşurdular. İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov olmuşdur.