§ 4. ƏMƏK ALƏTLƏRİ NECƏ MEYDANA GƏLDİ?
Ən qədim insanlar əmək alətlərini, əsasən, daşdan düzəldirdilər. Ona görə də bəşər tarixinin ilk dövrü daş dövrü adlanır. Daş dövrü üç mərhələyə bölünür: qədim daş dövrü; orta daş dövrü; yeni daş dövrü.
İnsanlar əmək alətlərini ilk vaxtlar sərt daşlardan hazırlayırdılar. Sonralar əmək alətlərini asanlıqla parçalana bilən çaxmaqdaşından, vulkanik şüşədən hazırlamağa başladılar. İnsanlar bu materiallardan kəsici alətlər, nizəyə bənzər silahlar düzəldirdilər.
Daşı daşa vurmaqla onları xırda hissələrə parçalayırdılar. Parçalanmış daşın iti tərəfi ilə əti kəsib doğramaq, sümükləri sındırmaq, ağacların ucunu itiləmək mümkün idi. Belə iti daşlardan düzəltdikləri əl çapacağı və ağac dəyənək vasitəsilə insanlar özləri üçün qida əldə edirdilər.