AZƏRBAYCAN MÜASİR DÖVRDƏ
§ 47. Lütfi Zadə
Xalqımız hər zaman dünya elminə, ədəbiyyatına və incəsənətinə çox böyük alimlər, şairlər, incəsənət xadimləri vermişdir. Belə alimlərimizdən biri də Lütfi Zadədir.
Lütfi Ələsgərzadə 1921-ci ildə Bakıda anadan olmuş və ilk təhsilini də burada almışdır. 1931-ci ildə Lütfigilin ailəsi İrana köçür. Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsini bitirən Lütfi Amerika Birləşmiş Ştatlarına gedir.
Kompüter bütün həyatımıza — təhsilimizə, elmimizə, təsərrüfatımıza... surətdə daxil olmuşdur. Lütfi Zadə kompüterlərin yeni nəslini hazırlayan, bir sözlə, onları süni insana çevirməyi bacaran alimdir.
Lütfi Zadəyə qədər elmdə belə bir baxış hökmran idi: konkret olaraq ağ ağdır, qara da qara. Doğru doğrudur, yalan da yalan. Düzgün olan hər şey dəqiqdir. Lütfi Zadə isə sübut etdi ki, bizim fikirlərimiz, düşüncələrimiz tam dəqiq deyil. Tam ağ və tam qara rəng yoxdur. Ağ və qara rənglərin başqa çalarları da var. Eləcə də tam yalan və tam doğru da yoxdur. Məsələn, bir neçə buğda dənəsi ilə buğda anbarını götürək. Hər ikisi bir dənə buğdadan çoxdur. Yəni bir neçə buğda da bir buğda dənəsindən çoxdur, anbardakılar da. Lakin hər iki çoxluq arasında bərabərlik yoxdur. Bunların bir-birindən nə qədər çox və ya az olmasını da bilmirik. Buna əsasən də Lütfi Zadə qeyri-dəqiqlik fikrini irəli sürdü. Lütfi Zadəyə qədər danışıqda doğru ilə yalan belə qiymətləndirilirdi: «düzdür», «tamamilə doğrudur», «çox doğrudur», «bir az düzdür», «yalandır», «tamamilə yalandır, səhvdir», «uydurmadır» və s.