§ 48. DİRÇƏLİŞ
19-cu yüzilliyin əvvəllərində tarixi Azərbaycan ərazisində məskunlaşan ermənilər 20-ci yüzilliyin əvvəllərində burada özlərinə dövlət yaratdılar. Sonra bu yerlərin əsl sakinləriniazərbaycanlıları soyqırımılara və sürgünlərə məruz qoydular. 20-ci yüzilliyin sonlarında Sovet İttifaqının zəifləməsindən istifadə edərək Dağlıq Qarabağı işğal etmək üçün növbəti məkrli fəaliyyətə başladılar. Bu məkrli planı həyata keçirmək üçün onlar əvvəllər olduğu kimi, hətta dinc erməniləri belə qətl və qarət edirdilər. Sonra isə öz cinayətlərinin azərbaycanlılar tərəfindən edildiyi haqqında yalan məlumatlar yayırdılar.
1988-ci ildə Ermənistanda, yəni keçmiş Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar öz ata-baba yurdlarından qovuldular.
Vaxtilə çar Rusiyası tərəfindən Qarabağa köçürülən ermənilər və dünyanın hər yerində onları müdafiə edən erməni millətçiləri də Azərbaycana qarşı düşmənçilik hərəkətlərinə başladılar. Bu zaman Azərbaycanda çox çətin vəziyyət yaranmışdı. Ölkədə Ermənistandan — Qərbi Azərbaycandan qovulmuş qaçqınların sayı gündən-günə artmaqda idi.