§ 51. XOCALI SOYQIRIMI
Dünya tarixində bir çox faciələr baş vermiş, kədərli hadisələr yaşanmışdır. Bu faciələr, kədərli hadisələr içərisində Xocalı faciəsi daha böyük və kədərlidir. Xocalı hadisəsini yalnız faciə adlandırmaq doğru olmazdı, çünki faciə insanların iradəsindən asılı olmayaraq baş verən hadisələrdir. Bəs, əslində, Xocalı hadisəsi nədir? 1992-ci il fevralın 26-da nə baş vermişdi?
Xocalı hadisəsi təkcə Azərbaycana, onun xalqına deyil, bəşəriyyətə qarşı törədilmiş ən ağır, misli görünməmiş cinayətdir. Çünki Xocalıda yalnız insanlar qətlə yetirilmədilər, insanlıq qətl edildi. Tarixdə olmamış yalançı «soyqırımı»nı dünyaya təbliğ edən ermənilər Azərbaycan xalqına qarşı əsl soyqırımı törətdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qətliam başlandı. Müasir silahlarla təchiz edilmiş 366-cı rus alayının köməyi ilə Xocalıya hücum edən ermənilər “yazıq” və “miskin” maskalarını ataraq əsl simalarını göstərdilər.