§ 6. Hökmdar qadın — Tomiris
Qədim zamanlarda Azərbaycanın Araz çayından şimaldakı torpaqlarında türksoylu massaget (sak) tayfaları yaşayırdı. Cəsur və igid massagetlər öz vətənlərini çox sevirdilər. Azadlıqlarını və doğma torpaqlarını qorumaq üçün ölümə də getməyə hazır idilər.Massagetlərin əsas məşğuliyyəti maldarlıq idi. Onlar yayda yaylaqlara, qışda isə qışlaqlara köçürdülər.
Massagetlər Azərbaycanın tarixində dərin iz qoymuşlar, lakin bir hadisə massagetlər haqqında əfsanə və rəvayətlərin yaranmasına səbəb oldu. Bu hadisə eradan əvvəl 530-cu ildə baş vermişdir. Həmin vaxt massagetlərin hökmdarı Tomiris adlı bir qadın idi.