§ 7. AZƏRBAYCAN ADI NECƏ YARANDI?
Qədim Manna dövlətinin süqutundan çox sonralar Azərbaycan ərazisində yeni dövlətlər meydana gəldi. Bu dövlətlərdən biri də Azərbaycanın Araz çayından cənubdakı torpaqlarında yaranmışdı. Adına Atropatena deyirdilər.
Atropatena dövlətinin adı onun ilk hökmdarı Atropatın adı ilə bağlı yaranmışdı. Atropat igid və cəsur sərkərdə idi. O, ölkədə yadellilərin ağalığına son qoyaraq eramızdan əvvəl 4-cü əsrdə müstəqil dövlətin əsasını qoymuşdu. Bu dövlət xalqımızın yaranmasında, dövlətçiliyimizin
inkişafında böyük rol oynamışdır.
Alimlər Azərbaycan adının yaranmasını da Atropatenanın adı ilə bağlayırlar. Onlar belə hesab edirlər ki, zaman keçdikcə «Atropatena» sözü şəklini dəyişərək Azərbaycan sözünə çevrilmişdir.
Atropatenanın gözəl təbiəti vardı. Dağların yamacları yamyaşıl çəmənliklər və sıx meşələrlə örtülmüşdü.