§ 9. AZƏRBAYCANDA DİNİ İNANCLAR
Azərbaycan xalqı hər zaman başqa xalqların adət-ənənələrinə, dini görüşlərinə hörmətlə yanaşmışdır. Ona görə də ölkəmizdə müxtəlif dinlərə mənsub insanlar mehribancasına yaşamışlar. Müxtəlif ölkələrdə dini görüşlərinə görə təqib olunan insanlar ölkəmizdə sığınacaq tapırdılar.
Qədim insanlar ayrı-ayrı bütlərə*, təbiət cismlərinə və hadisələrinə (Günəş, Ay, torpaq, yağış və s. tanrılarına) dualar edir, qurbanlar verirdilər. Belə dinlər çoxtanrılı dinlər adlanır. Ona bütpərəstlik də deyirdilər.
Keçmiş zamanlarda Azərbaycanın bəzi yerlərində, xüsusilə cənub ərazilərində atəşpərəstlik adlı din yayılmışdı. Atəşpərəstlik dininin əsasında oda sitayiş dururdu. Atəşpərəstlik inancının ibadət yerlərində odu sönməyə qoymurdular.
Qədim Azərbaycanda yayılmış dinlərdən biri də tanrıçılıq idi. Türklərin yaratdığı tanrıçılıq ilk
təktanrılı dinlərdən biri olmuşdur. Bu dində kainatın yaradıcısı olaraq qəbul edilən Göy tanrıya inam var idi. İndi də xalqımızın inanclarında bu dinin əlamətləri qorunub saxlanır.
Eramızın əvvəllərində xristian dini yarandı. Bu dinin yaranması İsa peyğəmbərin adı ilə bağlıdır.
*Büt — müxtəlif varlıqları təsvir edən heykəlciklər