AZƏRBAYCAN ORTA ƏSRLƏRDƏ
§ 10. CAVANŞİR
Bütün cəhdlərinə baxmayaraq, Sasanilər Azərbaycanın şimalını — Albaniyanı tam asılı hala sala bilmədilər. Albaniya hökmdarları ölkəni öz qaydaqanunları ilə müstəqil idarə edir, amma hər il Sasanilərə vergi verirdilər. Sasanilər bir ölkəyə hücum edəndə Albaniya qoşunu da Sasani ordusuna köməyə gedirdi. Sasani—ərəb müharibələri başlayanda Albaniya hökmdarı öz oğlunu da qoşunla birgə döyüşə göndərdi. O, igid Azərbaycan sərkərdəsi Cavanşir idi. Sasani şahına Albaniya şahzadəsinin igidliyindən və döyüşdə aldığı ağır yaralardan xəbər verdilər. Sasani şahı gənc şahzadəni sarayına dəvət etdi və təmtəraqla qəbul etdi. O əmr etdi ki, Cavanşirin yaralarını sağaltmaq üçün onun yanına şahın öz həkimlərini göndərsinlər. Tezliklə şahzadə sağaldı. Şah onu bütün saray adamlarının qarşısında mükafatlandırdı. Vətənə qayıdandan sonra atası onu Albaniyanın hökmdarı elan etdi.
Cavanşir qoşununda xidmət edən hərbçilərə, bir sıra dövlət işçilərinə, yaxşı tanıdığı və xüsusi xidmətləri olan digər adamlara torpaq bağışlayırdı.
Ölkənin şimalında yaşayan xəzər türkləri güclü dövlət yaratmışdılar. Onlar tez-tez Albaniyaya yürüşlər edirdilər. Cavanşir xəzərlərlə sülh bağladı və ölkəni şimaldan gələn hücumlardan qoruya bildi.