§ 11. «QIRX İL KÖLƏ KİMİ YAŞAMAQDANSA...»
Sıldırım dağların zirvəsində yandırılmış qala qarşısında bir qəhrəman dayanmışdı. O, məğrur baxışlarla əzəmətini itirməmiş qalaya baxırdı. Bu, xalq qəhrəmanının doğma Vətəni ilə son görüşü idi. Həmin qəhrəman həyatının çox hissəsini azadlıq mübarizəsinə həsr etmiş sərkərdə Babək idi. Babək Azərbaycanda yadellilərə qarşı azadlıq mübarizəsinin ən güclü rəhbərlərindən biri olmuşdur. 816-cı ildən etibarən Babək yadelli əsarətinə qarşı mübarizəyə başçılıq etməyə başlamışdı.
Məhəmməd peyğəmbərin vəfatından sonra Ərəb dövlətini xəlifə adandırılan hökmdarlar idarə etməyə başladı. Ona görə də Ərəb dövləti sonralar xilafət adlanırdı. Tezliklə qonşu ölkələri ələ keçirən ərəblər ilk dövrlərdə islam dininin qaydalarına əməl edirdilər. Ölkə ədalətlə idarə edilirdi. Lakin zaman keçdikcə əhalidən alınan vergilər artırıldı. Ədalətsizlik hökm sürməyə başladı. Yerli əhalinin torpaqları alındı və buraya ərəb ailələri köçürülürdü. Bütün bunlar Azərbaycanda xalqın narazılığına səbəb oldu.