§ 13. AZƏRBAYCANIN «DƏMİR QAPI»SI —
DƏRBƏND
Qafqaz dağları ilə Xəzər dənizi arasında bir keçid vardır. Ulu babalarımız bu keçidi alınmaz qalaya çevirmişdilər. Buna görə də həmin keçid “Dəmir qapı” kimi şöhrət qazanmışdı. Sonralar bura “Dərbənd keçidi” adlanmağa başladı. Bu keçid vasitəsilə daim şimaldan cənuba, cənubdan şimda ticarət karvanları gedirdi. Qədim Dərbənd şəhərində və Dərbənd keçidi boyunca olan torpaqlarda yaşayan əcdadlarımız 5—6-cı yüzilliklərdə keçidi bağlayan möhtəşəm qala divarları tikmişdilər.
Bir ərəb səyyahı Dərbəndi təsvir edərkən yazmışdır ki, limanın girəcəyinə zəncir çəkilmişdi. Zəncir qıfıllanır, açarı isə liman nəzarətçisində olurdu. Liman nəzarətçisinin icazəsi olmadan heç bir gəmi limana nə daxil ola bilər, nə də oradan çıxa bilərdi.