§ 17. ŞƏMSƏDDİN ELDƏNİZ NECƏ
AZƏRBAYCAN HÖKMDARI OLDU?
Rəvayətə görə, Dərbənd şəhərinin məşhur qul bazarından bir Azərbaycan taciri qırx qul almışdı. O zaman qul alverinin qaydası vardı: hər hansı tacir əgər bir dəfəyə 40 qul alırdısa, 40-cı qul ona bağışlanırdı, yəni pulsuz verilirdi. Ona görə də bu tacirə bir qul pulsuz olaraq verildi. Tacirə bağışlanan bu qul balaca və çox zəif idi.
Kiçik qul yolda üç dəfə yataraq tacirlərin arabasından düşmüşdü. Üçüncü dəfə o, karvandan ayrı düşdükdə, tacir onu yolda tərk etməyi qərara aldı. Səhər paytaxta çatanda tacir bu balaca qulun onlardan əvvəl piyada şəhərə gəlib çıxmasından heyrətləndi.
Tacir Eldəniz adlı bu qulu sultanın vəzirinə satdı. Eldəniz sultanın sarayında xidmət etməyə başladı. Çox gözüaçıq, qabiliyyətli uşaq olduğunu görüb ona hərbi təlim, ərəb və fars dilləri, müxtəlif elmlər öyrətdilər. Bir qədər sonra Eldənizi sultanın mühafizə dəstəsinə daxil etdilər.Bacarıqlı olduğunu sübut edən gənc Eldəniz çox keçmədən sultanın qoşunlarından birinin başçısı, yəni əmir təyin edildi. Tezliklə o, sultanın oğlunun atabəyi oldu. «Atabəy» sultanın böyük oğlunun, yəni onun gələcək varisinin* tərbiyəçisinə deyilirdi. Eldəniz öz sədaqəti ilə sultanın və onun ailəsinin rəğbətini qazanmışdı.
1136-cı ildə Eldəniz Azərbaycanın şimal torpaqlarının bir hissəsinə — Arrana hakim təyin edildi. Beləliklə, Azərbaycan Atabəylər dövlətinin əsası qoyuldu. Eldənizin adı ilə bağlı olaraq bu dövlət Eldənizlər dövləti də adlanır.
Eldənizin hakimiyyəti dövründə yadelli yürüşlərinin qarşısı alındı. Ölkəmizin ərazi bütövlüyü təmin edildi. Şirvanşahların asılı vəziyyətə salınması ilə bir müddət Azərbaycan torpaqlarının böyük hissəsi vahid dövlətin tərkibində birləşdirildi. Nəticədə ölkədə iqtisadi və mədəni inkişaf baş verdi. Qazandığı parlaq qələbələrə və ədalətli olduğuna görə Eldənizə «Şəms-əd-din», yəni «Dinin günəşi» ləqəbi verildi.
Varis* — bir şəxsin ölümündən sonra onun hakimiyyətinə, varına və mülkünə sahib olan adam