§ 19. Elm dünyasının şahı
Keçmiş zamanlarda insanlar göy cismlərini öyrənməyə böyük maraq göstərirdilər. Onlar göy cismlərini müşahidə edərək təqvim yaradır və il hesablamaları aparırdılar. Bunun üçün rəsədxanalardan istifadə edirdilər. Rəsədxana ulduzları və digər göy cismlərini müşahidə etmək üçün yerdir. Münəccimlər* xüsusi cihazlarla buradan ulduzları müşahidə edirdilər. Bu
müşahidələr bir çox təbiət hadisələrinin və onların səbəblərinin öyrənilməsinə kömək edirdi.Belə rəsədxanalardan biri də Azərbaycanın cənubunda, Marağa şəhərində görkəmli alim Nəsirəddin Tusinin təşəbbüsü ilə tikilmişdi. Onun əsərləri Şərqdə və Avropada riyaziyyatın və astronomiyanın inkişafına böyük təsir göstərmişdir. Müasirləri onu “elm dünyasının şahı” adlandırırdılar. Sonralar isə Nəsirəddin Tusi Elxanilər dövlətində baş vəzir təyin edilmişdi. Tez bir zamanda Nəsirəddin Tusi ağlı, biliyi, təcrübəsi sayəsində sarayda ən hörmətli şəxsə çevrilir və bütün çətin işlərdə hökmdar onunla məsləhətləşir, fikirləri ilə hesablaşırdı. Nəsirəddin Tusi çoxdan idi ki, rəsədxana tikilməsi haqqında düşünürdü. Bir gün Nəsirəddin Tusi rəsədxana tikilməsi haqqında hökmdara söz açır. Hökmdar rəsədxana üçün böyük xərc lazım olduğunu biləndə soruşur:
— Ulduzlar haqqında elm o qədər faydalıdırmı ki, rəsədxana üçün bu qədər xərc çəkilsin?
Nəsirəddin Tusi cavabında deyir:
*Münəccim — göy cisimlərinin vəziyyət və hərəkətinə əsasən gələcəkdən xəbər vermək iddiasında olan şəxs