§ 21. Həsən padşah
Hələ Məhəmməd peyğəmbərin zamanından xeyli əvvəl Azərbaycan torpaqlarında Oğuz türkləri yaşayırdılar. İslam dininin qəbulundan əvvəl bu Oğuz türklərinin bir hissəsinin döyüş bayraqlarından birində və qəbir abidələrində qoç təsviri həkk edilmişdi. Ona görə də onlar Qaraqoyunlular və Ağqoyunlular adlanırdılar. Qaraqoyunlu və Ağqoyunlu tayfalarının qədim yurdu olan Qərbi Azərbaycan (indiki Ermənistan) ərazilərində son vaxtlara qədər qoç təsviri olan qəbir abidələri qalırdı. Tarixi saxtalaşdırmaq və bu torpaqların əsl sahiblərinin qədim izlərini silmək məqsədilə ermənilər bu abidələri məhv etmişlər.
15-ci yüzilliyin ikinci yarısında Oğuz türklərinin Bayandur boyuna mənsub Həsən bəy Azərbaycanda hakimiyyətə gəldi. Ucaboylu olduğu üçün onu Uzun Həsən də adlandırırdılar.
Həsən bəy sultan titulu qəbul edərək Azərbaycanın böyük hissəsində Bayandurlu sülaləsinin hakimiyyətini bərqərar etdi. Bayandurlu boyu Ağqoyunlu tayfa birliyinə başçılıq etdiyi üçün onların yaratdığı dövlət tarixi mənbələrdə Ağqoyunlu dövləti də adlandırılır. Hələ
qədim zamanlardan ölkəmiz Şərq ölkələri və Avropanı birləşdirən beynəlxalq ticarət yollarının qovşağında yerləşirdi. Azərbaycanın ipəyi və digər möhtəşəm sənətkarlıq məhsulları bütün dünyada yüksək qiymətləndirilirdi. Həsən padşahın hakimiyyəti dövründə Azərbaycan hərbi və iqtisadi cəhətdən dünyanın ən güclü dövlətlərindən biri idi. Ona görə də Avropa dövlətləri Azərbaycanla siyasi və iqtisadi əlaqələri genişləndirmək istəyirdilər.
Həsən padşah Kürdən cənubda olan bütün Azərbaycan torpaqlarını birləşdirmiş və qonşu ölkələri tabe etmişdi.