AZƏRBAYCAN YENİ DÖVRDƏ
§ 24. ŞƏRQİN SON FATEHİ
Ucsuz-bucaqsız Muğan çölü yaşıllığa bürünsə də, soyuq şaxta özünü göstərməkdə idi. Araz və Kür çaylarının bir-birinə qovuşduğu yerdə çadırlar qurulmuşdu. Taxta və qamışdan hazırlanmış evlər, məscidlər, hamamlar və karvansaralar bu yaşıl çöllərə yaraşıq verirdi. Sanki xalça üzərində naxışlar vurulmuşdu. Ölkənin bütün mahallarına elçilər göndərilmişdi. Sərkərdələr, din xadimləri, tayfa başçıları Muğana dəvət edilmişdi. Ölkənin gələcəyi üçün mühüm qərar qəbul etmək lazım idi. Ona görə də qədim türk adət-ənənəsinə əsasən böyük qurultay* çağırılmışdı.
Çadırların aralarında və ətrafda çoxlu sayda qoşun yerləşdirilmişdi. Böyük və yaraşıqlı çadırda sərkərdələr, din xadimləri və tayfa başçıları, hündür bir yerdə isə iricüssəli, itibaxışlı bir nəfər əyləşmişdi. İçəridə sükut hökm sürürdü. Birdən bu sükutu bir səs pozdu. Sanki ildırım çaxdı. Danışan mərkəzdə əyləşmiş həmin şəxs idi. O dedi: “Mən bilirəm ki, çoxları məndən narazıdırlar. Onlar haqlıdırlar da. Hamınıza məlumdur ki, illərdir ölkəmiz işğal altında idi. Torpaqlarımızı azad etmək üçün də güclü qoşun lazım idi.
*Qurultay — türk xalqlarında mühüm məsələlərin həll olunduğu yığıncaq