Nəqletmə xarakterli essedə hadisələrin
ardıcıllığı
Nəqletmə xarakterli bədii nümunələr girişdən nəticəyə qədər müxtəlif hadisələrin ardıcıllığından ibarətdir.
Nəqletmə xarakterli esse yazmazdan əvvəl siz də haqqında danışılacaq hadisələr üzərində düşünməlisiniz, onları ardıcıllıqla düzməyi bacarmalısınız.
Nəqletmə xarakterli bədii nümunələrdə hadisələr, əsasən, xronoloji ardıcıllıqla düzülür. Yəni birincidən sonuncuya qədər hadisələr hansı ardıcıllıqda baş veribsə, o ardıcıllıqda da nəql edilir.
Nəqletmə xarakterli bədii nümunələrdə istifadə edilən digər ardıcıllıq səbəb-nəticə ardıcıllığıdır. Əvvəl baş verən hadisənin səbəbi göstərilir, sonra nəticə təqdim edilir.
Tapşırıq 1. Sizdən cəsarətli olmağı tələb edən əhvalatla bağlı yazacağınız nəqli esseyə əvvəlki dərsdə başlıq vermişsiniz. Essenin əsas obrazlarını da müəyyən etmişsiniz. Həmin essedə girişdən sona qədər baş verən hadisələri müəyyənləşdirin. Onları təfsilatı ilə yazın, açar sözlərdən istifadə etməklə xronoloji ardıcıllıqla düzün.
Əvvəlcə hadisənin səbəbini göstərin, sonra onun nəticəsini təqdim edin. Essedə təsvir olunan kiçik hadisələri aşağıdakı sadə ardıcıllıq sxemi üzrə düzün.