Boz Ay da beləcə ömür sürüb vaxtını başa vurdu.
Artıq yer-yurd al yaşıla bürünmüşdü. Üç qardaş köçünü sürüb gedirdi. Onların yerinə istəkli bir qonaq gəlirdi, gözəllər gözəli bahar...
Əfsanələr epik növün ən qədim janrlarından biridir. Xalqın əski dünyagörüşü, düşüncə tərzi, arzu və istəkləri ilə yaranmışdır. Əfsanədə hadisələr gerçək kimi təqdim olunsa da, burada baş verənlər tamamilə xəyalidir. Əfsanələrin yaranması və yayılması qədim dövrlə bağlı olduğu üçün onların nə zaman yaranması haqqında fikir söyləmək çətindir. Məzmununa görə Azərbaycan əfsanələri belə qruplaşdırılır: a) bitki və heyvanat aləmi ilə bağlı əfsanələr, b) yer, dağ, çay və s. adları ilə bağlı əfsanələr, c) el, tayfa və nəsil, adət-ənənələrlə bağlı əfsanələr, ç) dini əfsanələr, səma cisimləri haqqında əfsanələr.
Azərbaycan əfsanələrinin böyük bir qrupunu təşkil edən bitki və heyvanat aləmi ilə bağlı əfsanələrdə bitki və heyvanların əmələ gəlməsindən, onlara aid bəzi xüsusiyyətlərin yaranmasından bəhs olunur.
Tapşırıq 2. “Çillələr” əfsanəsində hadisələrin ardıcıllığını müəyyən edin. Qarşılaşdığınız hadisələrdən hansıları sizə tanışdır, bəs hansı hadisələr sizə tanış deyil?
“QARANQUŞ ƏFSANƏSİ”
(Əsər üzərində iş)
Tapşırıq 1.
1. “Qaranquş əfsanəsi”ni oxuyun. Tanış olmayan sözlərin mənasını lüğətdən istifadə etməklə aydınlaşdırın və iş vərəqinizdə qeydlər aparın.
2. Səhifə 107-də verilmiş sxem üzrə əsərin hissələrini müəyyən edin.
3. Janr xüsusiyyətləri baxımından əsəri “İki ana” hekayəsi ilə müqayisə edin.