Dəstə çətinliklə uca bir dağa yetişir. Birdən qorxulu bir çovğun başlayır. Çovğun getdikcə güclənir. Padşahın əmrilə çobanı sarıqdan açıb uca zirvədən dərin yarğana atırlar. Bu vaxt Baharın səsi onun qulağına gəlir. Bu səs ona hərarət, istilik, cəsarət verir. O, Allahdan quşa çevrilməsini, qanad açıb Bahara qovuşmasını arzu edir. Oğlan ağ qışla üz-üzə dayanan qara bir quşa çevrilir.
Bahar qışın da qənimi idi. Ona görə qış qara quşu sağ buraxmaq istəmir. Gərgin mübarizə başlayır. Qış çovğunu və şaxtanı daha da qüvvətləndirir. Padşahın dəstəsi tab gətirməyib məhv olur. Qara quş isə Baharın köməyilə amansız qışa qalib gəlir. Atıldığı zirvənin başına qonub məğlub olmuş qışa son dəfə baxır.
Qalib quşun sinəsində qarın bir damcısı qalır. Qara quş Bahara doğru qanad açmaq istəyəndə qış son qüvvəsini toplayıb əlini onun quyruğuna atır, iki lələk qopardır.
O gündən sinəsi ağ, quyruğu haça olan qara quşun adı qaranquş qalır.
Tapşırıq 2. “Qaranquş əfsanəsi”ni oxudunuz. Əsərin hissələrini verilən sxemə əsasən müəyyən edin. İndi isə yoldaşınla bir-birinizin tədqiqatının nəticəsini qiymətləndirin. Bunun üçün səh. 107—108-də verilən məlumatdan istifadə edin.
Nəqletmə xarakterli esse
(Essenin hissələri)
Əvvəlki dərslərdə həyatmızda baş vermiş və sizdən cəsarətli olmağı tələb edən əhvalatla bağlı nəqletmə xarakterli esse yazmaq üçün bir sıra işlər aparmışsınız. Obrazları və hadisələrin ardıcıllığını müəyyən etmişsiniz.
Tapşırıq: Hadisələrin ardıcıllığını müəyyən edin (əsərin başlanğıcı; ziddiyyətin yaranması; zirvə; ziddiyyətin açılması və əsərin sonu). Hadisələrə başlıq verin, onları sxem üzrə (səh. 107) yerləşdirin.