“ŞİR VƏ TÜLKÜ”
(Nəqletmə xarakterli bədii nümunələrin elementləri)
Nəqli mətnlər, əsasən, beş elementdən ibarət olur:
I. Hadisənin baş verdiyi məkan və zaman;
II. Əsərdəki obrazlar;
III. Əsərin mövzusu;
IV. Əsərdə ziddiyyət;
V. Əsərin hissələri
Bütün nağıllar, hekayələr, əfsanələr, təmsillər, cizgi və bədii filmlərdə bu beş elementi müəyyən etmək olar. Bunları müəyyənləşdirmədən mətnin mahiyyətini aydınlaşdırmaq mümkün olmur.
I. Bu hissədə yazıçı, əsasən, təsviri mətnlərdən istifadə edir. O, hadisənin baş verəcəyi yeri, məkanı təsvir edir. Belə məkan bir ev, kənd, küçə, məhəllə, meşə, səhra və s. ola bilər. Zaman baxımından isə hadisənin hansı fəsildə, hansı tarixi zaman kəsiyində, hansı hökmdarın hakimiyyəti dövründə və s. baş verdiyi təsvir edilə bilər.
II. Əsas obraz insan, heyvan və digər canlı və cansız əşyalar ola bilərlər. Bu obrazlar mətndəki müxtəlif hadisələrin gedişində iştirak edirlər.
III. Bu mətndə nədən bəhs olunur? Bu sualın cavabı əsərin mövzusudur. Mövzu əsərin ideyasını müəyyən etməkdə əhəmiyyətli vasitədir.
IV. Nəqli mətnlərdə ziddiyyət iki tərəf arasında gedən mübarizədir. Adətən, tərəflərdən biri əsas obraz olur. Əsas obraz, həmçinin ətrafda baş verən hadisələrə, eləcə də öz hiss və düşüncələrinə qarşı da mübarizə apara bilər.
V. Əsərdəki ziddiyyətin açılması ilə bağlı hadisələrin ardıcıl inkişafıdır.