Aşıq Şəmşir
NOVRUZ BAYRAMI
Bahara deyirlər Novruz bayramı.
Ana dilimizdə — təzə yaz günü.
Bu sözü əzəldən deyib el, hamı,
Səadət gətirən bizə yaz günü.
Bizə hər neməti eləyən sovqat,
Yuxudan oyanır cümlə nəbatat;
Bollanır, çoxalır, gəlir məhsulat,
Ruzi verir elimizə yaz günü.
Bağlar bara çatır, baüça gül olur,
Bülbüllərdə şirin nəğmə, dil olur.
Əriyir çöllərin qarı, sel olur,
Suya dönür — baxsa buza yaz günü.
Lüt meşələr don geyinir yarpaqdan,
Nərgiz gülə-gülə çıxır torpaqdan,
Bənövşəni asmaq üçün buxaqdan
Töhfə verir gəlin-qıza yaz günü.
Aləmin bayramı, xoş gələn bahar,
Cahanın zivəri, hamı səndə var.
Hayqırır havada qara buludlar,
Yağış müyəssərdi sizə, yaz günü.
Dəhana dad verir quzuqulağı,
Şehli qərənfili, yarpız yarpağı,
Moruq çiyələyə qarışan çağı,
Dərman olur dərdimizə yaz günü.
Qarışqa dən yığır, arı bal çəkir,
Barama yarpaqdan ipək xal çəkir;
Bu ləzzəti bizim el-mahal çəkir,
Yetişirik çox muraza yaz günü.