Qartal uzaq baxır, kəklik çalır ney,
Qaranquş, sığırçın, bülbül tutur mey.
Quzey al bürünür, bəzənir güney,
Səndə vardır işrət, məzə, yaz günü.
Taleyin kəskindi, iqbalın yeyin,
Şadlıq bayramını edirik bu gün.
Kəkili qabarır şanapipiyin,
Çox gözəl görünür gözə yaz günü.
Çoban şiş təpədə tütək çalanda,
Çiçək dərib sağ əlinə alanda,
Sürülər göy ota çəhlim salanda
Quzular yayılır düzə yaz günü.
Şəmşirin istəyi, ürəyi sənsən,
Dörd fəslin gözəli-göyçəyi sənsən,
Göyün də, yerin də çiçəyi sənsən,
Layiqsən söhbətə, sözə yaz günü!
Əliağa Kürçaylı
BİZİM PLANET
Meteor selini keçib sürətlə
Lacivərd göylərə insan saldı iz,
Baxıb ucalıqdan Yerə heyrətlə,
Dedi: — Nə gözəldir planetimiz!
Gözünə işıqlar dəydi birinci,
İşıqlar — qırmızı, yaşıl, ağ, sarı,
Hərəsi bir yaqut, zümrüd, bir inci,
Süzdü gözdolusu bu işıqları.