Tapşırıq 1.
1. “Xan çinarın bir yarpağı” əsəri ilə tanış olmazdan əvvəl oxuya hazırlıq işləri aparın.
2. Düşünün: Hekayədə təsvirə yer verilibmi? Fikirlərinizi əsaslandırın
3. Bu hekayədə müəllif oxucusuna, sizcə, nə demək istəmişdir?
MİKAYIL RZAQULUZADƏ.
“XAN ÇİNARIN BİR YARPAĞI”
(Bədii əsərlərdə təsvirin müəyyən edilməsi)
Xan çinarın başı göyün bir qatındadır, kökləri ana torpaüın qoynunda.
Gün doğanda ilk işıltıları alnından öpər xan çinarın.
Al şəfəqdə işım-işım işıldar xan çinarın yarpaqları.
Quşlar yuva qurar, bala böyüdər xan çinarın qucağında.
Dan yelləri əsəndə, ilk cingiltilərə qarışar, səhər nəğməsi kimi səslənər xan çinarın yarpaqları.
Gün qızanda, qayadan fışqıran buz bulaq suları kimi şırıldar, ürəkləri sərinlədər yarpaqların xışıltısı.
Xan çinarın yarpaqlarına zərli naxışlar çəkər batan gönəşin son işıqları.
Anaların laylasına qoşular, körpələrə şirin yuxu gətirər yarpaqların nəğməsi.
Nənələrin nağıllarına qarışar, nəvələrə zər qanadlı pərilərdən, büllur saraylardan, divbasan igidlərdən danışar yarpaqların xışıltısı.
Zəhmətdən, hünərdən, döyüşdən, zəfərdən dastanlar söylər xan çinarın hər yarpağı nəsillərdən-nəsillərə.
Neçə-neçə qarlı-boranlı qışlar görmüş, amma şux durmuş, əyilməmiş xan çinarın vüqarlı başı...
Əyilməz də!..
Payızlarda yarpaqları saralıb tökölmüş, qışlarda azğın boranlara sinə gərmiş şax budaqları; yazlarda yenə yarpaqlanmış-budaqlanmış, daha da ucalmış dik başı xan çinarın...
Payızdır yenə...
Yarpaqlar tökülür — qanadı qırıq quşlar kimi, havada axsaya-axsaya, büdrəyə-büdrəyə.
İliklərə işləyir dəli küləyin buz nəfəsi.
Göydə boz buludlar qalaq-qalaqdır, yerdə — solğun yarpaqlar...
Öz hökmü var hər fəslin!
Neyləsin xan çinar?