Marağalı Əvhədi
ELM HAQQINDA
Bilik oyaqlıqdır, bilməmək yuxu,
O səni gizlədər, aşkar edər bu.
Bilən ruh hamıyla olsa da yoldaş,
Bədənlə göylərdə uçar o birbaş.
Bu uzaq göylərin sirlərini biz
Dərk edə bilmərik, bil ki, elmsiz.
Elm ilə sularda üzər gəmilər,
Həm elmin gücilə gəmi düzələr.
Elm ilə dost olsan bu dünyada sən,
Sudan gəmisiz də keçə bilərsən.
Elmli it artıqdır nadan öküzdən.
Keçmişdir şəhər də kəndi bu üzdən.
İnsanı süst, tənbəl edər cəhalət,
Bilik qüvvə verər, bir də cəsarət.
Göylərin hərəkət etməsi, de bir,
Elm ilə deyilsə, bəs nə ilədir!?
Bu qədər gördüyün işlər, peşələr,
Elmdən, düşüncədən doğmamış məgər!?
Bilik insanları ucaldar aya,
Nadanlıq korlartək salar quyuya.
Elm ilə açarsa ürək gözünü,
Bil ki, yaradana tutar üzünü.
Bir kəs öz elminə inansa əgər,
İşi, əməlilə daim yüksələr.
Tərcümə edənlər:
Qulamhüseyn Beqdeli, Xəlil Yusifli