Eyvaz Zeynalov
OĞRU
Məktəb üzrə keçirilən idman yaralarında ayağımı bərk zədələmişdim. Qapanıb qalmışdım evdə. Yamanca darıxırdım. Baş qatan bir məşğuliyyət vardısa, o da televizora baxmaqdı.
Kanallardan biri ermənilərin pis, murdar xasiyyətləri haqqında veriliş hazırlamışdı. Studiyadakılar növbə ilə onların əcaib-qəraib yaltaqlığından, ikiüzlülüyündən, yalançılığından, satqınlığından danışır, oğru olduqlarını isə daha artıq qabardırdılar. Oğurluq qeyri-insani, həm də baş ucalığı gətirməyən bir xüsusiyyətdir. Lakin ermənilərin oğurluğu adi yox, tayı-bərabəri olmayan, bənzərsiz oğurluqdur. Ən böyük oğurluqları da türklərdən elədikləridir. Ermənilər adlarımızı, musiqimizi, musiqi alətlərimizi, xalçalarımızı, abidələrimizi, yeməklərimizi, ən başlıcası, torpaqlarımızı oğurlamışdılar. Birdən yox, tədricən, tarixboyu, nəzərə çarpmadan, həm də qeyri-adi yollarla. Sonra da hamısını utanmaz-utanmaz, vicdansızcasına öz adlarına çıxmış, bizi danmadılar...
Ermənilərin namərdliyi məni hiddətləndirmişdi. Axırda hisslərimi cilovlaya bilməyib bərkdən bağırdım:
— Pah atonnan! Bu ermənilər nə oğru xalq imiş!..
Elə bu zaman otaqda tək olmadığımı xatırladan cırıltı səsi eşitdim. Nənəmdi, divanda qurcalanırdı. Bayaqdan yarıuzanmış halda gözucu televizora baxırdı.
Handan-hana xəfifcə qımışaraq:
— Ermənilər binayi-qədimdən oğrudular, bala, — dedi.
— Sən hardan bilirsən, ay nənə? — sadəlövhlüklə soruşdum.
— Eh, mən onların dabbağda gönünə bələdəm! Amma bunları, sadəcə, bilmək yox, yaxşıca yadda saxlamaq lazımdır, bala!..
Sonra nənəm mənə şahidi olduğu köhnə bir erməni oğurluğundan danışdı.
* * *
Baban kənd məktəbində dərs deyirdi. Sayılıb-seçilən tarix müəllimi idi.
Bir dəfə atan sinif yoldaşları ilə dağa çıxmışdı. Qayıdanda özü ilə bir bağlama gətirmişdi. İçi insan sümükləri, saxsı qab-qacaq qırıqları, qədim dəmir pullarla dolu idi. Hansısa mağaradan tapmışdılar.