Hikmət Ziya
DƏVƏNİN BALASIYLA SÖHBƏTİ
Dəvənin boz balası,
Özütək düz balası
Bir gün öz atasına
Söylədi yana-yana:
— Ay ata, yoldaşlarım,
Ay ata, tay-tuşlarım
Mənə lağ eləyirlər,
Mənə belə deyirlər:
— Nə eybəcər belin var,
Belində qozbelin var.
Tənə edib o ki var
Məni kiçik sanırlar.
Dəvə dedi: — Qadası,
Atasının balası,
Ürəyini qısmasın
Qəlbə toxunanların
Bu cür dedi-qodusu!
Öyün, atan kimi sən,
Uzaqsan hər hiylədən.
Çaqqal kimi hinlərə
Girmək adətin yoxdur.
Qurdtək acgöz deyilsən,
Gözün həmişə toxdur.
Sürünün qoyununa,
Quzusuna dəymirsən.
Tülkütək tülkülüklə
Heç kəsə baş əymirsən.
İlan kimi bir kəsi
Çalmaq deyil adətin.
Ayıtək arıdan bal
Ummaq deyil sənətin.