Mədinə Gülgün
ABŞERON BAĞLARINDA
Şirin xatirələrim təzədən dilə gəldi,
Çiçəklər ləçək-ləçək nəğmələrimdə güldü.
Yarpaqların üstünə səhər şehi töküldü
Abşeron bağlarında.
Çinar, söyüd, qələmə, qovaq cərgə-cərgədir,
Quşlar budaqlar üstə nəğmə deyir, rəqs edir.
Hər ağac elə bil ki, bir yaşıl düşərgədir
Abşeron bağlarında.
Əncir yarpaqlarını açar, bizə gəl deyər,
Gəl, isti qumlar üstə bir uzan, dincəl deyər.
Əncirin hər dənəsi min-min məlhəmə dəyər
Abşeron bağlarında.
Xəzri də bir nəğmədir, gilavar da bir nəğmə,
Oxuyar bu nəğməni Xəzər də ləpə-ləpə.
Qonağın yollarına külək qızıl qum səpər
Abşeron bağlarında.
Meynələr qumlar üstə yatarlar şirin-şirin,
Titrədir yarpaqları küləklər sərin-sərin.
Bir şəfa qaynağıdır hər qarışı bu yerin
Abşeron bağlarında.
Yayar neftin ətrini əsən meh sola, sağa,
Günəş oyadar eli dənizdən qalxa-qalxa.
Görəndə bu lövhəni ürəyim dönər dağa
Abşeron bağlarında.
Uzaqdan buruqların sırası gülər üzə,
İşıq seli, nur seli tökülər qəlbimizə.
Göylər açar köksünü təzə nəğməyə, sözə
Abşeron bağlarında.