Bir şeirdi o çinar, o körpə zərif ot da,
O zümrüd səmadakı bəyaz, pəmbə bulud da.
Bir şeirdir haray da, bir şeirdir sükut da
Abşeron bağlarında.
Gözəldir göy suların o zərif ağ yelkəni,
Gözəldir dalğalarda süzüb gedən o gəmi.
Gözəldir şirin-şirin xəyal aparsın məni
Abşeron bağlarında.
Abşeron bağlarında...
Hüseyn Arif
QIZ QALASI
Gərilmiş qabağa qaya sinəsi,
Qaralmış küləkdən, dumandan, sisdən.
Canında illərin ox nişanəsi,
Qərinələr keçib başının üstdən.
Gah günəş alovdan biçmiş donunu,
Gah xəzan səyirdib çapmış atını.
Tufanlar araya alanda onu
Sular ayağının eşmiş altını.
Qışın çilləsində, qışın qarında
Çevirmiş üzünü üfüqə sarı.
Nəğmətək səslənmiş qulaqlarında
Xəzərin əsrlik pıçıltıları.
Sağında, solunda qədim binalar,
Nizami ordutək cərgə-cərgədir.
Dayanıb altında əzəmət, vüqar,
Sanki daşa dönmüş bir sərkərdədir.