Sinifdən sinfə adlayanların
Yaşında yaşayır müəllim yaşı.
Elmə güvəndinsə, bil ki, cənnətin
Qapısı üzünə açılacaqdır.
Məktəbi hər şeydən üstün millətin
Hər yerdə, hər işdə zəfəri — haqdır.
Gəl, ey heykəltəraş! Bu mərmər, bu gil.
Düşün müəllimi, sonra alış, yan.
Onun heykəlini mərmərdən deyil,
Yarat özü kimi nurdan, işıqdan.
Bəxtiyar Vahabzadə
Tapşırıq 2. Şeiri oxuduqdan sonra “Oxudan sonra” təlimatını (səh.16) yerinə yetirin.
Ev tapşırığı:
Şeirdən ən çox bəyəndiyiniz bir parçanı əzbər öyrənə bilərsiniz. Bu sizin nitqinizin inkişafı və bədii zövqünüzün formalaşması baxımından çox əhəmiyyətlidir.
Əsər üzərində iş
Əvvəldə qeyd etdiyimiz kimi, müəlliflər ideyanı fikirlər şəklində təqdim edirlər və oxucu onları bir araya gətirməklə müəllifin çatdırmaq istədiyi ideyanı özü müəyyən edir.
Bəs ideyanı tapmağın asan yolları varmı? Əgər varsa, bunu necə etmək olar?
Tapşırıq 3. Aşağıda təqdim edilən təlimata əməl etməklə “Müəllim” şeirində nəzərdə tutulan ideyanı müəyyən edin.
Nümunədə nəzərdə tutulmuş ideyanı müəyyən etmək üçün aşağıdakı addımlar atılmalıdır: