Nəqletmə xarakterli bədii nümunələrin
əsas xüsusiyyətləri
LEV TOLSTOY. “İLYAS”
(Nəqletmə xarakterli bədii nümunələrdə ideyanın müəyyən edilməsi )
Tapşırıq 1.
1. “İlyas” hekayəsini oxumazdan əvvəl oxuya hazırlıq işləri aparın.
2. Düşünün: Bu mətn nəqlidirmi? Əgər nəqli mətndirsə, bunu necə müəyyən etdiniz? Əgər nəqli mətn deyilsə, nə üçün belə düşünürsünüz?
İLYAS
Ufa quberniyasında İlyas adlı başqırd yaşayırdı. Atadan-babadan kasıb olmuşdular. Bir il öncə atası onu evləndirmiş və dünyasını dəyişmişdi. O vaxtlar İlyasın təsərrüfatında yeddi madyan, iki inək və iyirmi baş qoyun vardı. Lakin İlyas təsərrüfatçıl idi və hər şeyi özü əldə etməyə başladı: arvadı ilə birgə səhərdən axşamadək çalışardı, hamıdan əvvəl oyanır, hamıdan sonra yatırdı və
var-dövləti ildən-ilə artırdı. Beləcə İlyas 35 il zəhmət çəkə-çəkə yaşadı və böyük mal-dövlət sahibi oldu. İnsanlar deyirdilər: “İlyas xoşbəxt adamdır. Onun hər şeyi var. Bu dünyanı qoyub getmək nəyinə lazımdır?”
Yaxşı insanlar onu tanımağa və onunla tanışlığa can atmağa başladılar. Yanına uzaq ellərdən də qonaqlar gələrdi. O da hamını qəbul edir, hamı üçün süfrə açırdı. Kimliyindən asılı olmayaraq, hamı qımıza, çaya, şorbaya və qoyun ətinə qonaq edilirdi. Qonaqlar təşrif buyurdumu, o saat bir və ya iki qoyun kəsilərdi. Qonaqların sayı çox olanda madyan da kəsilərdi.
İlyasın iki oğlu, bir qızı vardı. O, oğlanlarını evləndirdi və qızını da ərə verdi. İlyasın kasıb vaxtlarında oğlanları da onunla birgə zəhmətə qatlaşır, özləri ilxıları və qoyunları otarırdı, amma varlanan kimi oğullar nadinclik etməyə başladılar. Birini, böyük oğlunu dava-dalaş vaxtı öldürdülər, o birisinin — kiçiyinin arvadı dikbaş çıxdı və bu oğul atasının sözündən çıxmağa başladı. İlyas onun təsərrüfatını ayırmaq məcburiyyətində qaldı.
İlyas oğluna ev və mal-qara verdi, var-dövləti azaldı.