Mübariz qan-tər içində idi. Güllə atmaqdan biləyi ağrıyırdı. Ovcunun içi də bərk göynəyirdi. Amma bütün bunlara dözürdü...
Düşmən onu tələyə salmaq istəyirdi. Gecənin sakitliyində düşmən əsgərlərinin ayaq səslərini aydınca eşidirdi. Yoldan çıxıb yerə yıxılmış tənək dirəyinin yanında ayaq saxladı. Ayaq səsləri yaxınlaşırdı. Mübariz diri tutulmaqdan ehtiyatlanıb avtomatı əlinə aldı. Hələ bir-iki gülləsi vardı. Elə bu anda düşmənin atdığı güllə onun sol böyründən dəydi. Arxası üstə çevrildi. Güclə: “Vətən sağ olsun!” — deyə bildi. Dağlar əks-səda verdi: “Vətən sağ olsun!”
Mustafa Çəmənli
Tapşırıq 2. Hansı proqnozunuz özünü doğrultmadı, lakin onun doğru olmasını istərdiniz? Bunun üçün nə kimi dəyişiklik aparardınız?
Yaradıcı tətbiqetmə:
Sinifdənxaric oxu materiallarından marağınıza uyğun olan bir mətni seçin. Oxudan əvvəl və oxu zamanı proqnozlaşmalar aparın. Proqnozlarınızı qeyd edin. Hər abzası oxuduqca verdiyiniz proqnozun əsərlə üst-üstə düşüb-düşmədiyini yoxlayın və əsərdəki variantı qarşı sütuna yazın:
Proqnoz | Əsərdə verilən variant |
Əsərdə obrazın başlıca xüsusiyyətləri
Bədii əsərdəki hər bir obraz və onun xarakterik xüsusiyyətləri əsərdəki əsas fikrin çatdırılması baxımından əhəmiyyətlidir.
İnsanlar, heyvanlar və digər varlıqlar əsərin əsas obrazı ola bilər. Obrazın əsas xüsusiyyətləri oxucuya onun xarici görkəminin təsviri, düşüncəsi, duyğuları, hərəkəti, məqsədi, niyyəti və digər amillərlə çatdırılır. Obrazın öz dilindən deyilən fikirlər, eləcə də digərlərinin onun barəsində söylədikləri həmin obraz haqqında təsəvvür yaradır.