Azərbaycan Xalça Muzeyinin nadir toplusu xalqımızın milli mədəniyyətinin zəngin xəzinəsidir. Bu muzeydə qədim xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri də toplanmışdır.
Xalça Muzeyi dünyada, xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeydir. Onun kolleksiyasına min dörd yüzə yaxın xalça, tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları daxildir.Muzeyin ekspozisiyasında bir-birindən rəng çalarları, çeşniləri və texnoloji toxunma üsulları ilə seçilən xovsuz xalçalarla yanaşı Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi klassik xalça məktəblərinə məxsus olan xalçalar öz kompozisiya və ornament quruluşuna, eləcə də rəng həllinə görə ən yaxşı nümunələrdəndir.
Yaradıcı araşdırma: xalçaçılıq məktəbləri — xovlu xalçalar
QUBA XALÇAÇILIQ MƏKTƏBİ
Xüsusiyyətləri: ornamentlər bitki motivləri ilə xarakterizə olunur.
Dekor-naxış: əsas elementləri sol-sağ tərəflərdə igidlik və ərlik rəmzi — “qayçı” və “buynuz” naxışları, orta sahənin mərkəzində “hindtoyuğu”, onun kənarlarında isə meyvə ağaclarının yarpaqları və səkkizguşəli göl təsvir olunur. Orta sahəsi, adətən, tünd göy, bəzən isə tünd qırmızı olur.