Keçmişdə xalq yaradıcılığında saxsı qablar gündəlik istifadə üçün nəzərdə tutulurdu. Müasir dekorativ-tətbiqi sənətdə bu istiqamət öz təyinatını itirərək, sadəcə, sərbəst yaradıcılıq sahəsinə çevrilmişdir. Bu gün keramikaçı rəssamlar keramika məmulatlarını otaqların bədii tərtibatı üçün tətbiq edir, materialın yeni plastik imkanlarını, rəng və faktura zənginliyini aşkara çıxarırlar.
Keramika — rəngli gildən hazırlanan və xüsusi sobalarda bişirilən məmulatlardır. Çini və saxsı məmulat isə zərif ağ gildən hazırlanır.
Yaradıcı araşdırma: gilin xüsusiyyətləri
Mayolika. Keramika məmulatları olduqca müxtəlifdir. Onlar forma, dekor və səthinin xüsusiyyətinə görə fərqlənir.
Sobada “bişirilən”, üzərinə şirə çəkərkən parlaq və yaraşıqlı görünən dulusçuluq məmulatı mayolika — kaşı adlanır.
Mayolika texnikasında dekorativ pannolar, haşiyələr, kaşı plitələr, həmçinin qab-qacaq və hətta monumental heykəllər hazırlayırlar. Mayolikanın rənglənməsi belə olur: məmulatın səthinə əvvəlcə şir (emal) yaxılır, sonra rəsm çəkilərək sobada bişirilir.