7-ci mövzu
AİLƏ BÜDCƏSİNİN FORMALAŞMASI
Siz ev təsərrüfatı iqtisadiyyatının nə olduğunu bilirsinizmi?Bu suala cavab verməyə çətinlik çəkirsinizsə, onda gəlin əvvəlcə iqtisadiyyatın nə olduğunu aydınlaşdıraq.
İqtisadiyyat - təsərrüfatın qayda və qanunlarla səmərəli idarə olunmasıdır.
Bəs “ev təsərrüfatı” nə deməkdir? Ev təsərrüfatı - evin, ev həyatının idarə olunması üzrə işlərdir.
Ev təsərrüfatına - əmlak, pul vəsaitləri, ev şəraitində istifadə edilən əmək alətləri daxildir. Ev təsərrüfatının idarə olunması - ev işlərinin yerinə yetirilməsi, yeməyin hazırlanması, evin yığışdırılması, xırda təmir işləri, ev heyvanlarına qulluq, həyətyanı sahənin saxlanması və s. deməkdir.
Ailədə əmək (təsərrüfat) fəaliyyətinin təşkili:
— ailə istehlakının təşkili və ailə üzvlərinin tələbatlarının ardıcıllıqla təmin edilməsi;
— ailə əmlakının yığılması (əldə edilməsi, saxlanması, artırılması);
— əmək hazırlığı və tərbiyəsi, təhsil almaq və peşəyə yiyələnməkdə ailə üzvlərinə kömək;
— əmək qabiliyyəti olmayan ailə üzvlərinə qayğı (təqaüdçülər, əlillər, uşaqlar);
Bundan əlavə, əksər hallarda ailə fərdi və ya şəxsi istehsalla məşğul olur, bununla da şəhərin, kəndin iqtisadi həyatında iştirak edir.
Beləliklə, ev təsərrüfatının iqtisadiyyatı - ailənin gündəlik iqtisadi həyatı haqqında elmdir.
Ailənin yaranması ilə, eyni zamanda ailə təsərrüfatı fəaliyyətə başlayır.
Ailənin normal inkişafının çoxsaylı şərtləri vardır. Birinci növbədə, ailə təsərrüfatı onun üzvlərinin əməyi nəticəsində artır, yəni ailə üzvlərinin əmək imkanı və bacarıqlarının olması vacibdir. Bu, əmək vəsaitidir.
Ailəyə soyuducu, paltaryuyan maşın, ütü, tozsoran və s. almaq üçün maliyyə vəsaiti lazımdır.
Təsərrüfatın aparılması üçün ən müxtəlif məişət əşyaları - müəyyən dəyəri olan müxtəlif materiallardan - parça, plastik kütlə, oduncaq, metal, şüşə və s. hazırlanıb. Bunlar maddi vəsaitlərə aiddir. Sadalananlarla yanaşı, digər vəsaitlər də var. Əgər biz elektrik enerjisindən istifadə etməsək, tozsoran tozu yığmaz, ütü ütüləməz, elektrik lampası otağı işıqlandırmaz. Mənzildə isitmə sistemi və isti su olsun deyə istilik enerjisi lazımdır. Əgər sizin ailə təsərrüfatınızda avtomobil varsa, onun hərəkət etməsi üçün benzin lazım olacaq.