9-cu mövzu
ODUNCAĞIN EMALI ÜÇÜN İŞ
YERİ VƏ ALƏTLƏR
İş yeri - işin icrası üçün uyğunlaşdırılmış və müvafiq alətlərlə təchiz edilmiş məkandır. İş yerində oduncaqdan hazırlanan işlər verstak (xarrat verstakı) üzərində icra olunur (şəkil 1).
Verstak (xarrat dəzgahı) - emal edilən əşyalar üçün tərtibatları olan, çox vaxt mexanikləşdirilmiş alətlərlə təchiz edilmiş iş masasıdır.
Verstak mizin üst taxtasından (qapaqdan) və verstakaltıdan ibarətdir. Mizin üst taxtasında emal ediləcək pəstahlann bərkidilməsi üçün xüsusi qurğular var. Nişanlama, mişarlama, yonma, deşmə, oduncağın bədii emalı kimi xarrat əməliyyatlarını siz müxtəlif alət və avadanlığın köməyi ilə öyrənəcəksiniz. Ona görə də alətləri işə hazırlamağı, onlardan istifadə etməyi və onların iş yerində və ya alət şkaflarında düzgün saxlanma və təhlükəsizlik qaydalarını bilməlisiniz. İş yerinin səmərəli təşkili vaxta qənaət edir, işin keyfiyyətini, əmək məhsuldarlığını və mədəniyyətini artırır. Oduncaqla işləyərkən müxtəlif alət və tərtibatlardan istifadə edilir (şəkil 2, 3). Onların əksəriyyətini siz artıq tanıyırsınız. Bunlara altlıq taxta, dayaq və mişarlama qutusu aiddir. Altlıq taxta - ülgünü çəkmək, dayaq - oduncağı mişarlamaq, mişarlama qutusu - oduncağı müxtəlif bucaqlar altında kəsmək üçün tərtibatlardır.