11-ci mövzu
ODUNCAĞIN YONULMASI
Məmulatın düz və hamar səthə malik olması üçün onu yonmaq lazımdır.
Pəstahları müxtəlif yonucu alətlərlə yonmaq olar. Yonucu alətlərin ən geniş yayılanı şerxebel*, rəndə və fuqandır** (şəkil 1).
Bütün yonucu alətlər taxta və ya metal qəlibdən, bıçaqdan, pazdan və dəstəkdən ibarətdir (şəkil 2).
Şəkil 3. Bıçaqlar: a - şerxebel bıçağı, b - rəndə və fuqan bıçağı,
c - yonqarqıranı olan bıçaq (1 - bıçaq, 2 -yonqarqıran,
3 - bolt, 4 - bıçağın kəsici tiyəsi)
Şerxebelin kəsici tiyəsi qövsşəkilli və qabarıq, rəndə və fuqanda isə düzdür (şəkil 3).
Şerxebellə səthlərin ilkin, kobud yonulmasını, rəndə ilə - son təmizləmə (hamarlama) işlərini yerinə yetirirlər (“şerxebel” sözü - alman mənşəlidir və “kobud kəsmə üçün yonucu” deməkdir).
Fuqan rəndədən uzundur. Fuqanla yonanda uzun pəstahlarda hamar, yastı səthlər alınır. Pəstahı verstakda dayaq və paz arasında elə bərkidirlər ki, emal olunan səth yuxarıda olsun.
* Şerxebel — dərindən yonmaq üçün ağzı yarımdairə şəklində olan rəndə
** Fuqan - uzun rəndə