16-cı mövzu
TƏBƏQƏ METALIN VƏ
MƏFTİLİN DÜZƏLDİLMƏSİ
Düzəldilmə - təbəqə metalın taxta və ya əlvan metaldan olan çəkic və taxta tirciyin köməyi ilə düzəltmə lövhəsi üzərində hazırlanmasıdır (şəkil 1).
Metal təbəqəni düzəltmə lövhəsinin üzərinə qoyur, əlcək və ya əllik geyilmiş sol əl ilə tuturlar. Sağ əl ilə isə çəkic zərbələri vururlar.
Metal təbəqə qabarıq hissələri üstdə olmaqla yerləşdirilir və təbəqənin kənarından qabarıq hissənin mərkəzinə doğru döyəclənir. Nazik, yumşaq təbəqələr, adətən, taxta çəkiclə döyəclənir və ya taxta tirciklə hamarlanır.
Nazik yumşaq məftili taxtaya cərgə ilə vurulmuş bir neçə mismarın (şəkil 2, a) və ya məngənədə sıxılmış tirciklərin arasından keçirdib çəkməklə (şəkil 2, b) və yaxud da silindrik sağanağın çevrəsi boyu dartmaqla (şəkil 2, c) düzəltmək olar.
Qalın məftil isə düzəltmə lövhəsi üzərində (şəkil 2, ç) çəkiclə döyəcləməklə, yaxud da yastıağız kəlbətinlə sıxmaqla düzəldilir.
Düzəldilmənin keyfiyyətini düzəltmə lövhəsi üzərindəki metal təbəqənin və ya məftilin səthinə xətkeşin tilini qoyub, qabarıq aralıqlardan sızan işıq zolağının ölçüsünə görə yoxlayırlar (şəkil 3).