18-ci mövzu
NAZİK TƏBƏQƏ
METAL HİSSƏLƏRİNİN BİRLƏŞDİRİLMƏSİ
Nazik metal lövhələrin ən geniş yayılmış birləşdirilmə üsulu qatlama tikişidir, yəni lövhələrin kənarlardan qatlanmasıdır (şəkil 1).
Əvvəlcə təbəqələri 90° bucaq altında kənarlardan 6-8 mm əyirlər (şəkil 1, a). Sonra təbəqəni çevirir və əyilmiş kənarları 2-3 mm aralıq qoymaqla qatlayırlar (şəkil 1, b). Təbəqələrin qatlanmış kənarlarını bir-birinə keçirdib qıfıla salırlar (şəkil 1, c) və taxta çəkiclə pilləli tirciyə zərbələr vurmaqla etibarlı bərkidirlər (şəkil 1, ç). Birləşmə zolağında olan çıxıntı təbəqələrə aralanmaq imkanı vermir.
Belə üsulla binaların dam örtüyündəki polad təbəqələri, ventilyasiya və suötürücü borularını birləşdirirlər. Təbəqə metaldan olan detalları birləşdirmənin digər üsulu isə pərçimləmədir.
Pərçimlər - başlıq və mildən ibarət olan bərkidici detallardır. Onlar yumşaq poladdan, misdən, alüminiumdan, latundan hazırlanır. Pərçimlər yarımgirdə (a), yastı (b), gizli (c), yarımgizli (ç) başlıqlı olur (şəkil 2).
Bu üsulla birləşdirmədə əvvəlcə pərçimlər üçün deşiklərin mərkəzi nişanlanır. Sonra deşikaçan və ya burğu ilə deşiklər açılır.
Çox vaxt birləşdirilən iki pəstahı eyni vaxtda sıxacda və ya məngənədə sıxaraq burğulayırlar. Deşiyin diametri (D) pərçimin diametrindən (d) 0,1- 0,2 mm böyük olmalıdır (şəkil 3, a)