PARÇANIN EMALI TEXNOLOGİYASI
20-ci mövzu
PARÇADAN MƏMULAT HAZIRLAMAQ
ÜÇÜN İŞ YERİ, ALƏTLƏR VƏ TƏRTİBATLAR
Əl ilə yerinə yetirilən əməliyyatlar üçün üzərinə alətlər və tərtibatlar qoyulan iş masası lazımdır.
İş yerində yalnız emal edilən materiallar, bu işin icrası üçün lazım olan alət və tərtibatlar olmalıdır. Əl işlərinin icrası zamanı düzgün oturuşa diqqət yetirmək lazımdır. Gövdənin (bədənin) düzgün olmayan vəziyyəti yorğunluğa səbəb olur, iş qabiliyyətini aşağı salır və həmçinin belin bükülməsinə, onurğa sütununun əyilməsinə, görmə qabiliyyətinin zəifləməsinə, baş ağrılarına gətirib çıxardır.
İş zamanı düzgün oturma qaydaları (şəkil 1).
1. Qan dövranı pozulmasın deyə ayaqlar bütün pəncə boyu döşəməyə dirənməlidir.
2. Gövdəni düz və ya bir az irəli əyərək oturmaq lazımdır.
3. Baş bir az qabağa əyilməlidir.
4. Sinəni masaya dirəmək olmaz.
5. Qollar dirsəklərdə bükülü olmalıdır.
6. İş zamanı dirsəkləri masanın üzərinə qoymaq lazım deyil.
7. Gözlərdən məmulata qədər məsafə, təxminən, 30 sm olmalıdır.
8. İş prosesi zamanı gövdənin vəziyyətini vaxtaşırı dəyişmək lazımdır (bir az əyilmiş vəziyyətdən düzünə və əksinə).
9. İşıq emal olunan detalların üzərinə sol tərəfdən və ya düz düşməlidir.