Mürəkkəb problemlərlə üzləşən AXC hökumətinin qarşısında duran mühüm vəzifələrdən biri də xalqın sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq, milli mədəniyyəti inkişaf etdirmək üçün tədbirlər görmək idi. Bu tədbirlər nədən ibarət idi? Daha hansı sahələrin inkişafı hökuməti narahat edirdi?
Azad ticarət, milliləşdirmənin ləğvi, Bakı bonu, Bakı Universiteti, Qazax Müəllimlər Seminariyası, “Azərbaycan” qəzeti
Milli hökumətin iqtisadi ve sosial sahədə tədbirləri. Cümhuriyyət hökuməti bolşevik-daşnak talanları nəticəsində dağılmış iqtisadiyyatı bərpa etməyə başladı. Hökumətin iqtisadi siyasəti dövlətimizin inkişafına və xalqın rifahını yüksəltməyə yönəlmişdi. Əhalinin ərzaqla fasiləsiz təmin edilməsi, bahalığın qarşısının alınması üçün 1918-ci il iyunun sonunda hökumət taxıl, mal-qara və digər ərzaq məhsullarının ölkədən kənara çıxarılmasını qadağan edən qərar qəbul etdi. Başqa bir qərarla respublika ərazisində azad ticarətə icazə verildi.
AXC hökumətinin iqtisadi qadağalarını strateji addım hesab etmək olarmı?
Bu qadağaların əhalinin müxtəlif təbəqələrinin vəziyyətinə təsirini təhlil edin.
Hökumət iqtisadiyyatın əsas sahəsi olan neft sənayesini dirçəltməyə xüsusi diqqət yetirirdi. 5 oktyabr 1918-ci il tarixli fərmanla Bakı XKS-nin milliləşdirilmə haqqında dekretləri ləğv edildi. Bütün neft mədənləri, fabrik-zavodlar, tica rət gəmiləri əvvəlki sahiblərinə qaytarıldı.
Xarici şirkətlərlə neftin satışına dair sazişlər bağlandı. Rusiya bazarı itirildiyindən Azərbaycan neftinin qonşu ölkələrə və Batum limanı vasitəsilə Qərbi Avropaya ixracı qaydaya salındı.
Araşdırın: Azərbaycan neftinin Qərbi Avropaya ixracının hansı əhəmiyyəti var idi?
1918-ci ilin sentyabrında Bakı bonu adlı milli pul vahidi dövriyyəyə buraxıldı. Bir il sonra Dövlət bankı yaradıldı. Milli sahibkarlar müstəqil dövlətin yaranmasını böyük sevinclə qarşıladılar. Hacı Zeynalabdin Tağıyev AXC-ni “doğma Vətənimizin üzərində parlayan müstəqillik günəşi” adlandırmış, özünün bütün iqtisadi və maliyyə imkanlarını Cümhuriyyətin inkişafına yönəltmişdi. O, hökuməti azad sahibkarlığı və sərbəst iqtisadiyyatı qorumağa, inkişaf etdirməyə çağırdı: “Azad sahibkarlar dövlətin... dostu və dayağıdır”.
1918-ci il iyulun 18-də Azərbaycan hökumətinin sədri F.Xoyski İstanbuldakı Azərbaycan nümayəndə heyətinə orada Azərbaycan manatı hazırlanmasını sifariş etməyi tapşırdı. Bakı azad edildikdən sonra 1918-ci il sentyabrın 22-də hökumət Bakı bonlarını dövriyyəyə buraxmağı qərara aldı. Tezliklə 30 milyon bon — manat kəsildi.