SUAL VƏ TAPŞIRIQLAR:
XX əsrin əvvəllərində Cənubi Azərbaycan əhalisinin ağır sosial-iqtisadi vəziyyəti ilə artıq tanışsınız. Məşəqqətli həyat yaşayan azərbaycanlıların azadlıq mübarizəsi necə başlandı? Onlar necə bir dövlət yaratmaq istəyirdilər? Azadlıq mübarizəsi nə ilə nəticələndi?
Şeyx Məhəmməd Xiyabani deyirdi: “Qorxu millətin, azadlığın və bəşəriyyətin əsaslarını pozursa, əksinə, igidlik həmin əsasları sarsılmaz edir, qoruyur və möhkəmləndirir. Xalqın hüququnu qəsb etmiş adamlara rəhm etmək kütləyə xəyanətdir. Biz Azərbaycan xalqının səadətini, İranın səfalət və fəlakətdən xilas olmasını istəyirik".
1917-ci ildə Təbrizdə baş verən xalq çıxışları Cənubi Azərbaycanda yenidən milli azadlıq hərəkatının başlanmasına təkan verdi. Hərəkat şah rejiminə və xarici işğalçılara qarşı yönəlmişdi. Etiraz çıxışları Azərbaycan Demokrat Partiyası (ADP) tərəfindən yönləndirilirdi. Partiyaya Səttarxanla birgə mübarizədə mətinləşmiş Şeyx Məhəmməd Xiyabani başçılıq edirdi. Hərəkatda fəhlə, kəndli və ziyalılar, milli burjuaziya nümayəndələri iştirak edirdilər.
1919-cu ildə İngiltərə Qacarlar dövləti ilə saziş bağlamaqla ölkəni özündən tam asılı vəziyyətə saldı. Bu, xalq içərisində böyük narazılıqla qarşılandı. 1920-ci ilin aprelində Təbrizdə Ş.M.Xiyabaninin başçılığı ilə üsyan başlandı. Üsyançılar bütün dövlət idarələrini ələ keçirdilər. İşğalçı ingilis qoşunları Təbrizdən çıxarıldı. Qalibiyyətli Təbriz üsyanı AXC-də və Türkiyədə böyük əks-səda doğurdu. Sovet Rusiyası hərəkatın lideri Ş.M.Xiyabaniyə silah-sursat və maliyyə yardımı təklif etdi. Məqsəd Xiyabaninin əli ilə ingilisləri bu ölkədən qovmaq idi. Sovet Rusiyasını “çar hökumətinin astar üzü” adlandıran Xiyabani yardım təklifini qətiyyətlə rədd etdi.