SUAL VƏ TAPŞIRIQLAR:
Azərbaycanda müstəqil respublikanın varlığı Sovet Rusiyasını ciddi narahat edirdi. RSFSR hökumətinin Azərbaycan Xalq Cümhuriyyətini tanımaması, hədələyici notalar göndərməsi onun düşmən mövqeyini açıq-aydın göstərirdi. Bəs 1920-ci ilin yazında nə baş verdi? Rusiya Azərbaycandakı erməni separatçılarının köməyindən necə istifadə etdi? Azərbaycan xalqının aqibəti necə oldu?
AK(b)P, Aprel işğalı, XI Qırmızı Ordu, Azərbaycan SSR, Xalq Komissarları Soveti, Nəriman Nərimanov, Fövqəladə Komissiya, Azneft
Sovet Rusiyasının hərbi müdaxiləsi. Sovet Rusiyası 1920-ci ilin ilk aylarında Cümhuriyyətə qarşı hərbi müdaxilə planları hazırlayırdı. İlk növbədə, Azərbaycanın daxilindəki Rusiya meyilli və xəyanətkar qüvvələr bir mərkəzdə birləşdirildi. Moskvanın birbaşa göstərişi ilə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası (AK(b)P) yaradıldı və ölkəmizin daxilində çevriliş hazırlanmağa başlanıldı. Sovet Rusiyasının əsas məqsədi təkcə Bakı neftini ələ keçirmək deyildi. O bütün Azərbaycanı, ardınca da Gürcüstan və Ermənistanı işğal etmək istəyirdi. 1920-ci ilin aprel ayında Azərbaycanın şimalına 130 minə yaxın canlı qüvvə, çoxlu döyüş texnikası cəmləşdirildi. Aviasiya, zirehli qatarlar və Xəzər dənizindəki hərbi gəmilər də döyüşə hazır vəziyyətə gətirildi. Həmin vaxt Azərbaycan Milli Ordusunun Qarabağda erməni qiyamçılarına və ölkəmizə soxulmuş erməni hərbi qüvvələrinə qarşı mübarizəyə cəlb edilməsi şimal sərhədlərimizi müdafiəsiz qoymuşdu. Rusiya dərhal bundan istifadə etdi. XI Qırmızı Ordu aprelin 26-da Azərbaycanın sərhədlərini keçdi. Sərhəddə 350 nəfərlik Azərbaycan hərbi qüvvələri işğalçılara qarşı qəhrəmancasına müqavimət göstərdi. Onlar vətən uğrunda şərəflə ölməyi təslim olmaqdan üstün tutdular. Bir gün sonra rus ordusu Bakının yaxınlığına - Biləcəri stansiyasına gəlib çatdı. İşğalçı orduya arxalanan AK(b)P rəhbərliyi Cümhuriyyətin parlamentinə ultimatum göndərdi. Ultimatumda hakimiyyətin dərhal “Azərbaycan fəhlə-kəndli hökumətinə” təhvil verilməsi tələb olunurdu. Rus ordusunun təzyiqləri altında parlament aprel ayının 27-də hakimiyyətin müəyyən şərtlərlə Azərbaycan kommunistlərinə təhvil verilməsi haqqında qərar qəbul etdi.