SUAL VƏ TAPŞIRIQLAR:
Sovet mənbələrində Azərbaycan SSR-in yaradılması sosialist inqilabının nəticəsi kimi qiymətləndirilmişdir. Kənar qüvvələrin zorakılığı ilə yaradılmış bir dövlət müstəqil ola bilərdimi? Bu müstəqillik nə qədər davam etdi?
Moskva müqaviləsi, formal müstəqilliyə zərbələr, Cənubi Qafqaz sovet respublikalarının federasiyası, SSRİ-nin yaranması
Azərbaycan SSR-in formal olaraq müstəqil fəaliyyət göstərməsi. Azərbaycan Sovet Sosialist Respublikası yarandığı gündən sözdə müstəqil olsa da, faktiki Sovet Rusiyasının əlində oyuncaq qurum idi. Çünki Azərbaycan SSR-in qurucusu Azərbaycan xalqı deyildi. Bu qurumu ərazilərimizi işğal etmiş Sovet Rusiyası yaratmışdır.
Azərbaycan SSR-in siyasi rəhbərliyi rus və gürcü bolşeviklərinin, bolşevik cildinə girmiş daşnakların və onlara qoşulmuş bir qrup Azərbaycan kommunistinin əlində idi. Ölkəmiz Rusiyanın göndərdiyi xüsusi və fövqəladə səlahiyyətli nümayəndələr - S.Orconikidze, A.Mikoyan, S.Kirov, L.Mirzoyan və s. tərəfindən idarə olunurdu. Moskva Azərbaycanı müstəqil respublika deyil, bir əyalət, Bakını isə özünün yanacaq bazası hesab edirdi. Bunu da heç gizlətmir və açıq şəkildə bildirirdi. N.Nərimanovun başçılıq etdiyi milli əqidəli kommunist qrupunun Azərbaycanı Şərqin qapısında nümunəvi və müstəqil respublikaya çevirmək niyyəti boşa çıxmışdı.
Çar və Sovet Rusiyasının Azərbaycanda həyata keçirdiyi milli siyasəti müqayisə edin.
Sovet Rusiyası Azərbaycanda kütləvi ruslaşdırma siyasəti yeridirdi. Sənədləşmə işləri, demək olar ki, ana dilində aparılmırdı. Rus dili dövlət dili səviyyəsinə qaldırılmışdı. Milli kadr qıtlığı bəhanəsi ilə rəhbər vəzifələrə qeyri-azərbaycanlılar gətirilirdi. Bakı “beynəlmiləl” şəhər elan olunmuşdu. İxtisaslı fəhlələrin çatışmaması adı ilə Rusiyadan və digər bölgələrdən Bakıya çoxlu işçi qüvvəsi gətirilmişdi.