İşğaldan sonrakı dövrdə Şimali Azərbaycana Rusiyanın mərkəzi quberniyalarından rus kəndlilərinin köçürülməsinə də başlandı. İlk vaxtlar Rusiyanın mərkəzi quberniyalarında rəsmi pravoslav kilsəsinə qarşı çıxanlar ölkəmizə sürgün edildi. Çarın 20 oktyabr 1830-cu il tarixli fərmanı ilə qısa müddət ərzində yüzlərlə təriqətçi və bidətçi rus ailəsi köçürülərək Azərbaycanın Şirvan, Lənkəran və Qarabağ bölgələrində yerləşdirildi. Otuza qədər rus kəndi salındı. Köçürülən rus əhalisi ilk vaxtlar yerli əhalinin hesabına ərzaq məhsulları ilə də təmin olundu.
Rusların, əsasən, yerli əhaliyə məxsus yaylaq və qışlaqlarda yerləşdirilməsi ənənəvi yarımköçəri maldarlıq təsərrüfatına böyük ziyan vurdu. Çar Rusiyasının Şimali Azərbaycanda yaratdığı müstəmləkə rejimi, zorakı köçürmə siyasəti və açıq qarət sistemi işğaldan bir qədər sonra müstəmləkə əsarətinə qarşı üsyanlara səbəb oldu.
SUAL VƏ TAPŞIRIQLAR:
Şimali Azərbaycan Rusiya imperiyası üçün "xammal mənbəyi və satış bazarı” idi. Bəs Rusiya kimi böyük bir imperiyanı şirnikləndirən nə idi? Müstəmləkə rejimində Şimali Azerbaycanın iqtisadiyyatında hansı dəyişikliklər baş verdi? Əhalinin yaşayışında nə kimi dəyişikliklər oldu?
Dövlət və sahibkar kəndliləri, ipəkçilik, Xanabad manufakturası, rəhdar, iltizam sistemi
Şimali Azərbaycanın iqtisadi cəhətdən mənimsənilməsi yolları. Şimali Azərbaycanın işğalını başa çatdırdıqdan sonra Rusiyanın qarşısında duran əsas məsələlərdən biri orada müstəmləkəçi iqtisadi siyasət tətbiq etmək idi. Çar hökuməti bu zəngin diyarı Rusiya sənayesi və ticarəti üçün “çox faydalı bir müstəmləkə” hesab edirdi. Ölkəmiz inkişaf etməkdə olan Rusiya fabrikləri üçün xammal bazasına və sənaye mallarının satış bazarına çevrilirdi. Rusiyanın Şimali Azərbaycanda iqtisadi siyasətinin əsas məqsədi ölkəmizdə xammal istehsalının artırılması və dağ-mədən sənayesinin yaradılması idi. Amma Rusiya hər hansı bir məhsulun tam istehsalının Azərbaycanda həyata keçirilməsini də istəmirdi. Çünki müstəmləkələrdən ucuz xammal alıb, onu mərkəzi quberniyalarda son məhsula çevirib yenidən müstəmləkələrdə baha qiymətə satmaq dövlətə, rus sahibkarlarına böyük qazanc gətirirdi.