Sovetləşmədən sonra Azərbaycan xalqını artıq yeni bir həyat gözləyirdi. Fəhlələr, kəndlilər yeni hökumətə böyük ümid bəsləyirdilər. Əhali vəd olunan firavan həyata qovuşa bildimi? Hər kəs iqtisadi imkanlar baxımından bərabər oldumu? Hansı yeni qaydalar tətbiq edildi?
“Hərbi kommunizm” siyasəti, ərzaq sapalağı, Yeni İqtisadi Siyasət, ərzaq vergisi, sənayeləşdirmə xətti, neft sənayesinin inkişafı
V.İ.Lenin kəndlilərdən müəyyən edildiyi qədər taxıl toplanmadığını gördükdə qəzəbləndi. 1920-ci ildə zorakılıqlara müqavimət göstərən bölgələrdəki kəndlilərə qorxunc cəza verildi: kəndlilərin yalnız artıq taxılı deyil, eyni zamanda əllərindəki toxumluq taxıl da zorla alınacaqdı. Toxumların yığılması kəndlilərin yeni məhsul əldə edə bilməyəcəkləri və qıtlıq nəticəsində öləcəkləri mənasına gəlirdi. Elə belə də oldu. 1921-1922-ci illərdə Rusiya sərhədləri daxilində 29 milyon insan aclıq çəkdi. Onlardan 5 milyonu aclıq nəticəsində həyatını itirdi.
"Hərbi kommunizm" siyasəti. Ərzaq sapalağı. Sovet hakimiyyəti 1920-ci ilin yayından Azərbaycanda “hərbi kommunizm” siyasətini tətbiq etməyə başladı. Taxıl məhsulları dövlət inhisarına alındı. Kəndliyə taxıl məhsulunu açıq satışa çıxarmaq qadağan edildi. Zorakı ərzaq sapalağının tətbiqinə başlandı. Ərzaq sapalağına görə məhsulun çox az hissəsi kəndlinin ixtiyarında qalırdı. Bu, yaxşı halda kəndlinin acından ölməməsinə kifayət edirdi. Məhsulun böyük bir hissəsi hökmən dövlətə təhvil verilməli idi. Ərzaq sapalağını həyata keçirmək üçün kəndlərə xüsusi ərzaq ekspedisiyaları göndərildi. Ekspedisiyaların tərkibi, əsasən, erməni və ruslardan ibarət idi. Xüsusi hərbi dəstənin müşayiət etdiyi ekspedisiyalar Azərbaycan kəndlisini, sözün əsl mənasında, qarət edirdi. Kəndli heç çar hökuməti dövründə də belə özbaşınalıq görməmişdi. Azərbaycanın hər yerindən N.Nərimanova çoxlu sayda şikayət məktubları göndərilirdi. Kəndlilər daha çox sonuncu tikələrinin əllərindən alınmasından, at və digər iş heyvanlarının müsadirə olunmasından şikayətlənirdilər. 1920-ci ilin payızında keçirilən soyğunçu ərzaq toplanması tədbirləri xalqımıza böyük məhrumiyyətlər gətirdi. Azərbaycanın əksər bölgələrini aclıq bürüdü. Qırmızı Ordunu və fəhlələri çörəklə təmin etmək adı ilə həyata keçirilən ərzaq sapalağı kəndlilərin kütləvi narazılığına səbəb oldu.
Yeni İqtisadi Siyasətin həyata keçirilməsi.
Kənddə yaranmış fəlakətli vəziyyət və əhalinin narazılığı Sovet hökumətini iqtisadi siyasəti dəyişməyə məcbur etdi. 1921-ci ilin yazında Rusiyada, ardınca digər sovet respublikalarında Yeni İqtisadi Siyasətə (YİS) keçildi. Bu siyasətə görə, ərzaq sapalağından iki dəfə az ərzaq vergisi tətbiq edildi.