Bu məqsədlə Azərbaycanın bölgələrində yeni yüngül və yeyinti sənaye müəssisələri inşa edildi. Nəticədə Gəncə şəhəri Azərbaycanın ikinci sənaye mərkəzinə çevrildi.
Sənayeləşdirmə dövründə nəqliyyat sahəsində də müəyyən işlər görüldü. 1926-cı ildə Bakı - Sabunçu elektrik dəmir yolu xətti işə salındı. Bu, SSRİ-də elektriklə işləyən ilk dəmir yolu xətti idi. Çoxdan inşasına başlanan Bakı - Culfa dəmir yolunun Mincivan stansiyasına kimi çəkilişi 1940-cı ildə başa çatdırıldı. 1937-ci ildə Bakı ilə Moskva arasında müntəzəm hava uçuşlarına başlandı.
Sənayeləşdirmə xəttinin həyata keçirilməsi Azərbaycan SSR-in ümumi iqtisadi inkişafına təkan verdi. İqtisadi sahədə uğurlar Azərbaycan fəhləsinin çox ağır zəhməti və fədakarlığı hesabına qazanıldı.
SUAL VƏ TAPŞIRIQLAR:
“Fəhlə və kəndli” hökuməti zəhmətkeş əhaliyə firavan, istismarın olmadığı həyat bəxş edəcəyini vəd etmişdi. Əsrlər boyu torpaq problemi yaşayan kəndlilərin həyatı necə dəyişdi? Onların kollektivləşdirmə dövründəki həyatı əvvəlkindən üstün idimi? Varlı kəndlilərin - qolçomaqların aqibəti necə oldu? Yeni qayda-qanunlar əhalini razı saldımı?
Kollektivləşdirmə xətti, fərdi təsərrüfatların zorakı birləşdirilməsi, kolxoz, “qolçomaq- lıqdan salma”, xalq çıxışları, Çayoba faciəsi
Kollektivləşdirmə xəttinin həyata keçirilməsi. Azərbaycanda kollektivləşdirmə siyasəti hələ 1920-ci illərin əvvəllərində başlanmışdır. Lakin uğurlu olmamışdır. Sürətlə sənayeləşdirmə kənd təsərrüfatının kollektivləşdirilməsini tələb edirdi. Lakin bu, kəndlilərin mənafeyinə uyğun deyildi. Ona görə də əvvəllər nəzərdə tutulan kollektiv təsərrüfatların könüllü yaradılması siyasətindən imtina edildi.
SSRİ rəhbərliyi 1920-ci illərin sonlarında kəndli və torpaq məsələlərini özü üçün sərfəli qaydada həll etməyə başladı. Kəndli təsərrüfatlarının kollektivləşdirilməsi xətti elan olundu. Kollektivləşdirmə siyasətinə görə, fərdi kəndli təsərrüfatları tamamilə ləğv edilməli və bütün torpaqlar ictimailəşdirilmə adı ilə dövlətin ixtiyarına keçməli idi.